23 may 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında BDU-nun Şərqşünaslıq fakültəsinin Regionşünaslıq ixtisası üzrə istehsalat təcrübəsində olan bakalavr IV kurs tələbələrinin yekun təqdimat tədbiri keçirilib.
Tədbirdə BDU-nin Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan, ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı, ilahiyyət üzrə fəlsəfə doktoru, dosent Səbinə Mirzəyeva, tələbələr və kitabxana əməkdaşları iştirak ediblər.
Kitabxananın direktoru Şəhla Qəmbərova qonaqları salamlayaraq təqdimatlar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, istehsalat təcrübəsində iştirak edən tələbələr kitabxananın xarici ədəbiyyat böməsinin ərəb ölkələrinə aid 20 adda kitab və dərgilərdən 42 hekayə, şeir və nağılları Azərbaycan dilinə tərcümə ediblər. Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Efiopiya, Fələstin və İraq uşaq ədəbiyyatından tərcümə edilən nümunələr haqqında təqdimatlar hazırlanıb və tələbələrin hər biri tərcümə olunmuş nümunələr haqqında ətraflı məlumat veriblər.
Təqdimatdan sonra ekspertlər öz rəy və tövsiyələrini bildirərək tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Eyni zamanda, kitabxana tərəfindən irəli sürülmüş təşəbbüsün gənclər üçün əhəmiyyətini vurğulayaraq bu layihənin və əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olduğunu qeyd ediblər.
İstehsalat təcrübəsinin sonunda fakültə və kitabxana rəhbərliyinin iştirakı ilə tələbələrin əldə etdikləri biliklər müzakirə olunub, onların fəaliyyətləri təhlil edilərək qiymətləndirilib.