Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış nasir, dramaturq, ssenarist və publisist Maqsud İbrahimbəyov çoxşaxəli və zəngin yaradıcılığıyla Azərbaycan mədəniyyəti və ədəbiyyatı tarixində əhəmiyyətli yer tutur.
O, 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun inşaat mühəndisliyi fakültəsini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi fəaliyyətə başlamış,
Mərkəzi Radioda xüsusi müxbir vəzifəsində çalışmışdır. Elə həmin dövrdən ədəbi yaradıcılığa da ciddi maraq göstərmiş, qələmini nəsr sahəsində sınamağa başlamışdır. Onun ilk hekayələri 1960-cı illərin əvvəllərində dövri mətbuatda çap olunmuş, 1961-ci ildə isə ilk kitabı işıq üzü görmüşdür.